Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəhmətin, biliyin insana gətirdiyi ucalıq

0

  •         Əziz oxucu, sizə bu yazımda bir gənc alimin həyat yolu və fəaliyyətindən məlumat vermək istəyirəm. Haqqında danışdığım ziyalı, uşaq vaxtlarından didərginlik həyatı yaşayır. O, köçkünlük ilə əlaqədar bir neçə yaşayış yeri və məktəb dəyişib. Bütün çətinliklərə baxmayaraq, öz uğurlu gələcəyini təhsildə görərək əzmlə dərslərini oxuyub, valideynlərinin, müəllimlərinin əziyyətlərini, ona olan etimadlarını doğrulda bilmişdir. Atası ailəni dolandırmaq və övladının yaxşı təhsil alması üçün bütün əziyyətlərə qatlaşmışdır. Yazımın qəhrəmanı isə kiçik yaşlarından atasına təsərrüfat işlərində kömək edib. Amma kitabı əlindən yerə qoymayıb. Oxumağa, elmə marağının, həvəsinin nəticəsidir ki, bu gün onun adı Qarabağın tanınmış ziyalıları, ən gənc alimləri sırasındadır.       Haqqında danışdığım gənc alim Rəhim Ələkbərovdur. Onun həyat yolu və elmi fəaliyyəti ilə ətraflı tanış olaq:          Ələkbərov Rəhim İbad oğlu 14 sentyabr 1980-ci ildə Azərbaycan Respublikasının Xankəndi şəhərində dünyaya göz açmışdır. 1986-cı ildə Xocalı rayon Kərkicahan qəsəbəsində Səməd Vurğun adına 6№-li orta məktəbin I sinfinə qəbul olunub. Müharibə vəziyyəti ilə əlaqədar olaraq 1990-1991 illər ərzində təhsilini Şuşa şəhər Hüsü Hacıyev adına 4 №li orta məktəbində davam etdirib. 1992-cı ildə Şuşanın işğalı ilə əlaqədar ailəvi olaraq Ağdam şəhərinin Qaradağlı kəndində müvəqqəti məskunlaşaraq orta təhsilimi 1992-ci ildə Qaradağlı kənd orta məktəbində davam etdirib. 1993-cü ildə Gəncə şəhəri Hacıkənd qəsəbəsində məskunlaşaraq 1997-ci ildə Xocalı rayon Kosalar kənd orta məktəbini əla qiymətlərlə bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olub, 2001-ci ildə eyni fakültənin bakalavr təhsil pilləsini, 2003-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.       2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasında işləyir. Həmin ildən etibarən AMEA Fizika institutunun “Yarımkeçiricilər və dielektriklər” fizikası ixtisası üzrə əyani aspirantura  şöbəsinə  qəbul  olunmuş və AMEA-nın müxbir üzvü Prof. S.İ. Mehdiyevanın rəhbərliyi altında “Samarium aşqarlı Se-As şüşəvari halkogenid yarımkeçirici sistemlərində elektron hadisələri” mövzusu üzrə dissertasiya işinin yerinə yetirib. 2010-cu ildə “fizika üzrə fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertasiya işini müdafiə edib.      2001-2003-cu illərdə AMEA Radiasiya Problemləri İnstitutunda baş laborant, 2003-cü ildən etibarən AMEA Fizika İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 2009-cu ildə aspirantura dövründəki elmi işinə görə İsveçrənin gənc alimlərə dəstək fondunun təqaüdünə və sertifikatına layiq görülmüşdür. 2013-cu ilin yanvar ayından etibarən eyni institutda aparıcı elmi vəzifəsində çalışır.       İnstitutda işlədiyi müddətdə bir neçə yerli və beynəlxalq qrant layihələrində iştirakçı və layihə rəhbəri kimi çıxış edib. Həmin layihələr çərçivəsində Macarıstan Elmlər Akademiyasının Budapeşt Neytron mərkəzinin və Rusiya Elmlər Akademiyasının A.F.İoffe adına Fizika və Texnika institutunun alimləri ilə birgə elmi tədqiqat işləri aparıb və hazırda həmin ölkələrdən olan elmi tədqiqatçılarla əməkdaşlıq edir. Bu günə qədər 65-dən artıq elmi əsəri (onlardan 30-u Web of Science və Scopusda indekslənən impakt faktorlu jurnallarda) dərc edilmişdir.      2014-2019-illərdə AMEA-nın Fizika institutunda 2220.01 - Yarımkeçiricilər fizikası ixtisasından elmlər doktorluğu üzrə qiyabi doktorantura təhsilini almışdır. Həmin illər ərzində f.-r.e.d., prof. A.İ. İsayevin elmi məsləhətçiliyi ilə “Arsen xalkogenidləri əsasında qeyri-kristallik sistemlərin quruluşu və elektron xassələri” mövzusunda doktorluq dissertasiyası üzərində elmi tədqiqat işi aparıb. 2022-ci ildə həmin mövzu üzrə fizika elmlər doktorluğu dissertasiyasını müafiə edib.       2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülüb. 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndislik və Tətbiqi Elmlər kafedrasının dosentidir.        İngilis, rus və türk dillərini bilir.      Ailəlidir, üç övladı var.      Zəhməti, biliyi ilə ucalan Rəhim Ələkbərov ona dərs deyən Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllimlərinin - Maarif Quliyevin, Təhməz Məhərrəmovun, Bəyməmməd Quliyevin, Məhərrəm Quliyevin, Rasim İbrahimovun və digərlərinin əziyyətlərini heç bir zaman unutmur, onları daim dərin hörmətlə xatırlayır.       Qoy düşmən bir daha görsün ki, Azərbaycanın uğurlu və parlaq gələcəyi əbədidir. Necə ki, I Qarabağ müharibəsi zamanı əl-ayağı yalın yurd yerlərini tərk edən uşaqlar haqq savaşımızda tank belində geri qayıtdılar, eləcə də Rəhim Ələkbərovun timsalında Qarabağda təhsillərini yarımçıq qoyan uşaqlar öz elmi, süngüyə çevrilən qələmi, yüksək intellekti ilə Qarabağa qayıdacaqlar.Qalib BƏYMƏMMƏDOĞLU 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib48 dəfə
    Zəhmətin biliyin insana gətirdiyi ucalıq

    Maraqlı gələ bilər
    43
    33